Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Azərbaycanda milli mətbuatın, ana dilində çıxan ilk qəzetin nəşrə başlamasının 146 ili tamam olur

22 iyul 2021 | 16:00

Bu gün Azərbaycanda milli mətbuatın, ana dilində çıxan ilk qəzetin nəşrə başlamasının 146 ili tamam olur.
1875-ci ilin 22 iyulunda dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifə açılıb. Maarifçilik xüsusiyyətləri ilə seçilən bu qəzet milli mətbuatın müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, ədəbi dilin zənginləşməsi, hadisələrin obyektiv işıqlandırılması kimi təməl yaradıcılıq prinsiplərini təcəssüm etdirən məktəb səviyyəsinə yüksəlmişdir.
Milli mətbuatımızın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni mərhələ açdı.
Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı Ümummilli Liderin layiqli varisi Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib.
Mətbuat - cəmiyyət həyatının, milli düşüncənin, xalqın mənəviyyatının aynasıdır. İnformasiya təhlükəsizliyinin təmin olunması isə müstəqilliyimizin qorunması prosesinin tərkib hissələrindən biridir. Bu işdə fəaliyyətini dövlətçilik, milli maraqlar və vətəndaş həmrəyliyi prinsiplərinin ruhuna uyğun davam etdirən mətbuat işçilərinin xidməti misilsizdir.
Hörmətli mətbuat işçiləri,
Suraxanı Rayon İcra Hakimiyyəti və rayon ictimaiyyəti adından Sizləri Milli Mətbuat və Jurnalistika Günü münasibətilə təbrik edir, zəngin və şərəfli tarixə malik Azərbaycan mətbuatının inkişafı, tərəqqisi naminə yorulmaz və məsuliyyətli fəaliyyətinizdə hər birinizə uğurlar arzulayırıq.
Şəhid jurnalistlərimizə isə Allahdan rəhmət diləyir, onların ruhunu ehtiramla yad edirik!

Keçidlər