Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün, noyabrın 7-də torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində Şəhid olmuş əsgərimiz Kərimov Əhməd Vaqif oğlunun da şəhadətə ucaldığı gündən 1 il ötür.

07 noyabr 2021 | 16:00

Bu gün, noyabrın 7-də torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində Şəhid olmuş əsgərimiz Kərimov Əhməd Vaqif oğlunun da şəhadətə ucaldığı gündən 1 il ötür.

Şəhidin anım günündə məzarı ziyarət olunmuş, önünə gül dəstələri düzülərək ruhu böyük ehtiramla yad edilmişdir. Həmçinin ehsan süfrəsi açılaraq Şəhidin ruhuna dualar oxunmuş, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Anım mərasimində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları Sevinc xanım Fətəliyeva, Etibar Əliyev, Rayon Prokuroru Rəşid Mahmudov, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Çingiz Kiçibəyov, RİHB-nin müavinləri, şöbə müdirləri, Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, bələdiyyə sədri, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi, Şəhid Ailələrinin Müdafiə Cəmiyyətinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Suraxanı rayon şöbəsinin sədri, “Canlı İşıqfor”un Vətənpərvərlik qrupu və gənclər, Şəhid ailələri və qazilər, Şəhidin doğmaları və yaxınları iştirak etmişlər.

Suraxanı RİH başçısı Əziz Əzizov mərasimdə çıxış edərək bildirmişdir ki, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında Böyük Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının igidliyini və əyilməz ruhunu nümayiş etdirdi. Düşmənin təxribatı nəticəsində sentyabrın 27-dən etibarən başlayan “Dəmir yumruq” əməliyyatı Azərbaycanın hərbi qüdrətini, yüksək döyüş bacarığını nümayiş etdirərək Ermənistan silahlı qüvvələrini diz çökdürdü. Müzəffər ordumuzun müharibədə gücünü və peşəkarlığını görmək hamımıza nəsib oldu. Lakin müharibə itkisiz, şəhidsiz olmur və bu müharibə də şəhidlərimizin qanı, qazilərimizin canı bahasına əldə edildi. Allahdan bütün Şəhidimizə rəhmət diləyən RİH başçısı onun ailəsinə səbr arzu edərək təsəlli verib.

Qeyd edək ki, Şəhidimiz Əhməd Kərimov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyinə görə “Füzulinin azad olunmasına görə”, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirdiyinə görə "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edilmişdir.

 

Keçidlər