Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda 20 Yanvar faciəsinin əlilləri və şəhid ailələri ilə görüş keçirilmişdir

18 yanvar 2019 | 16:00

"20 Yanvar” faciəsinin növbəti ildönümü ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda silsilə tədbirlər davam edir.
18 yanvar 2019-cu il tarixdə rayon İcra Hakimiyyətində 20 Yanvar əlilləri və şəhid ailələri ilə görüş keçirilmişdir. Görüşdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, RİHB-nin müavini Afət Həsənova qeyd etdi ki, rayonda 20 Yanvar faciəsinin 4 şəhidi və 23 əlili var. Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin “milli tariximizin qanlı və şanlı günlərindən biri” adlandırdığı 20 Yanvar faciəsinin növbəti ildönümü də azadlıq və dövlət müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş həmvətənlərimizin adına layiq qeyd olunur. Bu günlərdə rayonda fəaliyyət göstərən sənaye, təhsil, səhiyyə, mədəniyyət müəssisələrində "20 Yanvar faciəsi Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzidir" mövzusunda xatirə tədbirləri keçirilir, şəhid məzarları və onların xatirəsinə ucaldılmış abidələr rayon ictimaiyyəti tərəfindən ziyarət olunur.
Afət Həsənova görüşdə bildirmişdir ki, dəhşətli faciəyə kəskin etiraz olaraq 1990-cı il yanvarın 21-də ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirən Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev hadisəyə operativ və düzgün qiymət verən ilk vətənpərvər Lider oldu. Psixoloji və ruhi sarsıntı içərisində yaşayan Azərbaycanlılar Ulu Öndərin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinin binasında qəzəbli və qətiyyətli bəyanatının doğurduğu əks-sədanı gördülər. Ümummilli Lider Heydər Əliyev bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, mənsub olduğu xalqın faciəsinə məsuliyyət daşıyanları Kremlin bir addımlığında, həm də bütün dünyanın gözü qarşısında ittiham etdi. Hadisəyə ilk hüquqi-siyasi qiymət də 1991-ci ilin noyabr ayında Ulu Öndərin Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtda verildi. Ulu Öndər 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymət verilməsi məsələsi günün tələbi oldu. Ölkə rəhbərinin 1994-cü il yanvarın 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı imzaladığı fərmanda Milli Məclisə tövsiyə olunurdu ki, faciəyə tam siyasi-hüquqi qiymət verilsin. Azərbaycan Respublikasının Milli Məclisi həmin məsələyə xüsusi sessiya həsr edərək bir neçə gün davam edən iclaslarda yanvar hadisələrinin əsl səbəblərini açıqladı, həqiqi günahkarlar aşkarlandı. 1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edildi. Beləliklə, Heydər Əliyevin təkidi və rəhbərliyi sayəsində xalqımıza qarşı törədilən bu qanlı və qəddar aksiyaya siyasi-hüquqi qiymət verildi.
Bu gün 20 Yanvar faciəsinin iştirakçıları və şəhid ailələri dövlətin daim diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəhidlərin adının uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi qayğı göstərir, hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur.
Afət Həsənova vurğulamışdır ki,  Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva şəhid ailələrinin, müharibə veteranlarının, əlillərin problemlərinə diqqət və qayğı ilə yanaşır. 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanlarının ailələrinin problemlərinin həlli, sağlamlığının bərpası istiqamətində mühüm işlər görür. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə elan edilən “Xocalıya ədalət” kompaniyası çərçiəsində reallaşdırılan tədbirlər hər yerdə böyük əks-səda doğurub. Qarabağ münaqişəsi, xalqımızın tarixi yaddaşı ilə bağlı kitablar, bukletlər, albomlar nəşr olunur, filmlər çəkilir. Bu və digər çoxsaylı layihələr zaman-zaman xalqımıza qarşı törədilən ağlasığmaz cinayətlərin dünya ictimaiyyətinə çatdırılması, bu cinayətlərə hüquqi-siyasi qiymətin verilməsinə nail olunması istiqamətində böyük əhəmiyyət kəsb edir.
Görüşdə “Qadın və inkişaf” mərkəzini direktoru, 20 Yanvar şəhidinin həyat yoldaşı Şövkət Xanməmmədova, 20 Yanvar Cəmiyyətinin Suraxanı rayon şöbəsinin sədri Bəxtiyar Ağayev çıxış etdilər.
Görüş bu sözlərlə yekunlaşdı: 20 Yanvar bizim azadlıq mübarizəmizin şərəfli tarixidir. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.
Sonda 20 Yanvar faciəsinin əlillərinə və şəhid ailələrinə ərzaq yardımı göstərildi.

Keçidlər