Şriftin ölçüsü :

Saytın rəngi :

Naxçıvanlı şagirdlər “Atəşgah məbədi”ndən xoş təəssüratla ayrılıb

17 mart 2019 | 16:00

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Naxçıvan Muxtar Respublikasından Bakıya gələn məktəblilər martın 17-də “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda olublar..
Məbədlə tanışlıq zamanı şagirdlərə bu qədim abidənin tarixi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Bakının mərkəzinin 30 kilometrliyində, Suraxanı rayonu ərazisində yerləşən “Atəşgah məbədi”, demək olar, bütün dünyada tanınır. Qədim dövrlərdə bu ərazidə zərdüşti atəşpərəstlərin məbədi yerləşib. Əbədi alova mistik əhəmiyyət verən atəşpərəstlər müqəddəs oda tapınmaq üçün buraya gəliblər.
XV-XVII əsrlərdə ticarət karvanları ilə Abşerona gələn atəşpərəst hindular Suraxanını ziyarət ediblər. Hindli tacirlər qədim məbədin yerində yeni tikililər inşa ediblər. “Atəşgah məbədi”nin ən erkən tikilisi 1713-cü ilə aiddir. XVIII əsrdə məbədin ətrafında ibadətgah, hücrələr, karvansara inşa edilib.
Vurğulanıb ki, 2012-ci ilin sentyabr ayından başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə məbədə bitişik ərazilərdə abadlıq işləri aparılıb, yardımçı binalar tikilib. Hazırda qədim atəşpərəst məbədinin qapıları yenidən ziyarətçilər üçün açıqdır və dünyanın hər yerindən turistləri cəlb edir.

Keçidlər